Qaraciyər piylənməsi (MASLD)
Qaraciyər hüceyrələrində yağ yığılması. Çox vaxt əlamət vermir, amma illər ərzində fibroza və ürək-damar riskinə yol aça bilər.

Əlamətlər
- Çox vaxt heç bir əlamət vermir
- Davamlı yorğunluq
- Sağ qabırğaaltında ağırlıq hissi
- USM-də təsadüfən tapılan yağlanma
- Qaraciyər fermentlərinin yüksəlməsi (həmişə yox)
Kimlər risk altındadır
- 2-ci tip diabet və ya yüksək qan şəkəri olanlar
- Artıq çəki, xüsusilə bel ətrafı böyük olanlar
- Yüksək təzyiqi olanlar
- Trigliseridləri yüksək və ya HDL xolesterini aşağı olanlar
- Ailəsində sirroz və ya qaraciyər xərçəngi olanlar
Adətən hansı analizlərə baxılır
- Qarın boşluğunun USM-iQaraciyərdə yağlanmanı göstərir, fibrozu ölçmür
- ALT və ASTQaraciyər hüceyrələrinin zədəsini göstərir, normal olması xəstəliyi istisna etmir
- FIB-4 indeksiYaş, AST, ALT və trombositlərdən hesablanır, irəliləmiş fibroz ehtimalını qiymətləndirir
- ElastoqrafiyaQaraciyərin sərtliyini, yəni çapıq toxumanı ölçür
- Ferritin və dəmir göstəriciləriİltihabı və ya dəmir yığılmasını ayırd etməyə kömək edir
- Qan şəkəri və HbA1cDiabeti və ya prediabeti üzə çıxarır
- Lipid profiliTrigliseridlər və xolesterin
Bu, ümumi məlumatdır. Sizə hansı analizin lazım olduğunu həkim müəyyən edir.
Bu nədir
MASLD metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyidir. Steatoz qaraciyər hüceyrələrində yağ yığılması deməkdir. Əvvəllər buna "qeyri-alkoqol yağlı qaraciyər" (NAFLD) deyilirdi. Yeni ad bir şeyi vurğulayır: qaraciyərdəki yağ adətən bütün maddələr mübadiləsinin pozulmasının bir hissəsidir.
Diaqnoz üçün qaraciyərdə yağ və ən azı bir metabolik risk faktoru olmalıdır: artıq çəki və ya böyük bel ətrafı, yüksək qan şəkəri, yüksək təzyiq, trigliseridlərin artması və ya "yaxşı" xolesterinin aşağı olması.
MASLD bir spektrdir. Sadə yağlanma bəzi insanlarda iltihaba (MASH, metabolik steatohepatit) keçir. İltihab uzun sürəndə fibroz, yəni çapıq toxuma yaranır. Ən ağır halda sirroz və qaraciyər xərçəngi riski artır.
Niyə vaxtında bilmək vacibdir
Qaraciyər ağrımır. Ona görə piylənmə çox vaxt təsadüfən, başqa səbəbdən edilən USM-də tapılır. Qaraciyər fermentləri də hər zaman yüksək olmur, normal ALT xəstəliyin olmadığını göstərmir.
Uzunmüddətli proqnozu ən çox yağın miqdarı yox, fibrozun dərəcəsi müəyyən edir. Erkən mərhələdə qaraciyərin özünü bərpa etmək qabiliyyəti yüksəkdir. Lakin yağ yığılması və davamlı iltihab bu qabiliyyəti zəiflədir və tarazlıq çapıq toxumanın xeyrinə pozulur.
MASLD tək qaraciyərlə bağlı deyil. O, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə sıx əlaqəlidir. MASLD olan insanların təxminən dörddə birində ferritin yüksək olur və bu qrupda insulin rezistentliyi (hüceyrələrin insulinə zəif cavab verməsi) və fibroz daha çox görülür.
Yanaşmamız
Ölçmək. İlk addım yağlanmanı görmək və, daha vacibi, fibroz riskini qiymətləndirməkdir. Adətən USM, qaraciyər fermentləri və FIB-4 hesablaması ilə başlanır. FIB-4 şübhəli olanda elastoqrafiya ilə dəqiqləşdirilir. 2-ci tip diabeti olan insanlarda FIB-4 fibrozu daha zəif ayırd edə bildiyi üçün testin seçimi fərdi edilir. Eyni zamanda qan şəkəri, lipidlər, təzyiq və ferritinə baxılır.
Anlamaq. Nəticələr birlikdə şərh olunur: yağlanma nə qədərdir, fibroz ehtimalı varmı, onu hansı metabolik amillər qidalandırır. Yüksək ferritin varsa, onun iltihab, metabolik pozuntu və ya dəmir yığılması ilə bağlı olduğu ayırd edilir.
Fərdi plan. Əsas istiqamət həyat tərzidir: çəkinin tədricən azalması, Aralıq dənizi tipli qidalanma, şəkərli içkilərin və emal olunmuş qidaların azaldılması, aerob və güc məşqləri. Alkoqol məsələsi açıq müzakirə olunur. Diabet, təzyiq və xolesterin də plana daxildir. Dərman lazım olub olmadığına həkimlə birlikdə qərar verilir.
Təkrar ölçmək. Müəyyən müddətdən sonra eyni göstəricilər təkrarlanır. Dinamika tək bir nəticədən daha çox şey deyir.
Nə vaxt müraciət etməli
- USM-də "yağlı qaraciyər" yazılıbsa, şikayətiniz olmasa belə.
- 2-ci tip diabetiniz, artıq çəkiniz və ya bir neçə metabolik risk faktorunuz varsa.
- Qaraciyər fermentləri və ya ferritin dəfələrlə yüksək çıxırsa.
- Ailənizdə sirroz və ya qaraciyər xərçəngi olubsa.
- Dəri və ya gözlərdə saralma, qarında şişkinlik, ayaqlarda ödem yaranıbsa, gecikmədən.
Bu səhifə məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.
Mənbələr (5)
- 01EASL, EASD, EASO, EASL-EASD-EASO Clinical Practice Guidelines on the management of metabolic dysfunction-associated steatotic liver disease (MASLD): executive summary, Diabetologia, 2024. doi.
org/ 10.1007/ s00125-024-06196-3 - 02Abdelhameed F et al., Non-invasive Scores and Serum Biomarkers for Fatty Liver in the Era of Metabolic Dysfunction-associated Steatotic Liver Disease (MASLD): A Comprehensive Review From NAFLD to MAFLD and MASLD, Current Obesity Reports, 2024. doi.
org/ 10.1007/ s13679-024-00574-z - 03Chung SM et al., Performance of Simple Fibrosis Score in Non-Alcoholic Fatty Liver Disease with and without Type 2 Diabetes, Endocrinology and Metabolism, 2023. doi.
org/ 10.3803/ EnM.2022.1635 - 04Souza M et al., Prevalence and Characteristics of Hyperferritinemia in Metabolic Dysfunction-Associated Steatotic Liver Disease: A Meta-Analysis, Liver International, 2026. doi.
org/ 10.1111/ liv.70569 - 05Ma X, Huang T, Chen X, et al. Molecular mechanisms in liver repair and regeneration: from physiology to therapeutics. Signal Transduction and Targeted Therapy, 2025;10:63. doi.
org/ 10.1038/ s41392-024-02104-8
Bu sizə tanış gəlir?
Əlinizdə olan analizləri göndərin, həkim baxıb növbəti addımı deyəcək.
WhatsApp ilə yazılın